Hemodializ alan xəstələr 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov bildirib. Onun sözlərinə görə, pasiyentlər təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər.
Hikmət İsmayılov ardınca bunları da vurğulayıb və öz məsləhətlərini verib:
– Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır. Konservativ müalicənin əsas prinsiplərinə xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz daxildir. Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş, ya da qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr və çərəzlərin (qoz, fındıq, badam, fıstıq) qəbulu qadağan edilməlidir.