Qanda siklosporin analizi

Qanda siklosporin analizi

Siklosporin artıq 20 ildir ki, transplantasiya və immunosupressiv terapiyada ən mühüm dərman preparatı və yeni preparatların geniş istifadəsinə baxmayaraq həmçinin seçim preparatı olaraq qalır. Bu, transplantasiya ilə yanaşı, psoriaz, nefrotik sindrom, revmatoid artrit və digər xəstəliklərdə də istifadə olunur. Siklosporin ilə müalicə zamanı dərmanın doza seçimi çox ciddi diqqət tələb edir. Siklosporin miqdarının qanda “terapevtik doza”dan aşağı olması preparatın təsirini kəskin azaldır, əksinə bir qədər yüksək konsentrasiya ciddi əks-təsirlərə (nefrotik, hepatotoksik, diş ətin şişməsi, əllərin əsməsi) gətirib çıxardır. Buna görə də siklosporin qəbul edən hər bir xəstə bilməlidir ki, preparatın konsentrasiyası necə və nə üçün təyin edilir ve bu zaman hansı göstəricilərə əsaslanmaq lazımdır.

Siklosporinin digər adlarına isə immunoral, vero-siklosporin, imusporin, konsupren, orqasporin, panimun bioral, p-immun, sandimmun, sandimmun-neoral, siklopren, sikloral (sikloral-fs), siklosporin, siklosporin-vero, siklosporin-qeksal və ekoral daxildir.

– Qan verərkən pasiyent siklosporinin təyin olunmuş qəbul rejimini dəyişməməlidir (məsələn, ac qarına, yaxud səhər yeməyi zamanı).
– Pasiyent preparatın qəbul vaxtını və son qəbul edilən doza haqqında məlumatı tibb personalına çatdırmalıdır.
– Qanda siklosporinin (Co) miqdarını təyin etmək üçün preparatın qəbulu və qanın verilməsinin arasında 12 saat keçməlidir.
– Siklosporinin (C2) miqdarını təyin etmək üçün preparatın qəbulu və qanın verilməsinin arasında 2 saat keçməlidir .
– Təyin olunmuş vaxtdan 15 dəqiqə gecikmə heç bir problem yaratmır. Əgər 15 dəqiqədən artıq vaxt keçibsə, tibb bacısı qanın alınma vaxtını qeyd edir və bu məlumatı həkim-laboranta və xəstənin həkiminə çatdırır. Analizlərin nəticəsindən və pasiyentin ümumi vəziyyətindən asılı olaraq həkim bir neçə gündən sonra təkrar analiz verməyi məsləhət görə bilər.

Qeyd olunmalıdır ki, siklosporinin miqdarını plazmada artıran preparatlara eritromisin, klaritromisin, djozamisin, doksisiklin, xloranfenikol, roksitromisin, midekamisin, ketokonazol, flukonazol (yüksək dozada), itrakonazol, diltiazem, nikardipin, verapamil, propafenon, amiodaron, karvedilol, metoklopramid, peroral kontraseptiv preparatlar, danazol, metilprednizalon (yüksük dozada), allopurinol, xol turşusu və onun törəmələri daxildir.

Siklosporinin miqdarını plazmada aşağı salan preparatlar isə barbituratlar, karbamazepin, fenitoin, metamizol, nafsilin, sulfadimidin (vena daxili istifadə zamanı), rifampisin, qrizeofulvin, terbinafin, oktreotid, probukol, orlistat, troqlitazon, hypericum perforatum tərkibli preparatlardır

DİQQƏT!

Sandimmun neoral preparatının qəbul dozası və qanda miqdarı digər siklosporin preparatları ilə (məsələn, immunoral) uyğun gəlməyə bilər. Bütün hallarda suallarınızı müalicə həkiminizə ünvanlamağınızı tövsiyə edirik.